Cari il sentyabrın 20-21-də “Four Season otelində” “Azerbaijan Maritime Engineering and Construction” MMC-nin təşkilatçılığı ilə “Qara və Xəzər dənizi Logistika” forumu keçirilib. Forumda 130 yerli və xarici şirkətdən 200-ə yaxın nümayəndə iştirak etdi.
Birinci gün qonaqların iştirakı ilə Bakı Ələt Limanı ziyarət edildi və orada yaradılan infrastruktur barədə məlumat verildi. Forum 3 sessiyadan ibarət olmaqla 14 məruzəçinin iştirakı ilə həyata keçirildi. Forumun sonunda iştirakçılar fikir mübadiləsi apararaq bir sıra layihələri müzakirə etdilər. Forumun gedişatında bir sıra əməkdaşlıqlara imza atıldı. Belə bir mühüm tədbirin reallaşması isə, şübhəsiz ki, Azərbaycanın regionda beynəlxalq nəqliyyat dəhlizləri üzərində mühüm ticarət, tranzit mərkəzinə çevrilməsini bir daha təsdiqləyir.
Ölkəmiz hazırda Avrasiya məkanının mühüm logistik mərkəzlərindən biri kimi tanınaraq yeni təşəbbüslər irəli sürməkdə davam edir. Eyni zamanda, İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal iştirakçısı olan Azərbaycan gerçəkləşdirdiyi genişhəcmli layihələrin nəticəsi olaraq müxtəlif istiqamətlərə tranzit daşımaların səmərəli təşkilinə etibarlı təminat verir.
Nəqliyyat dəhlizlərinin əsas marşrutlarının kəsişmə qovşaqlarında yerləşən Azərbaycanın logistika baxımından əhəmiyyətini daha da yüksəldir, bunun sayəsində bir sıra beynəlxalq layihələr gerçəkləşdirilir. Bu forumda da həmin təşəbbüslərin davamı olacaq yeni beynəlxalq layihələrin müzakirəsi nəzərdə tutulub.
Xatırladaq ki, sözügedən forum keçən il sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində keçirilib. Həmin tədbirdə Xəzər və Qara dəniz ölkələrinin ərazisindən keçən nəqliyyat dəhlizləri və marşrutlarının, logistika infrastrukturunun inkişaf etdirilməsi, gömrük rəsmiləşdirilməsinin və ticarətinin sadələşdirilməsi, rəqəmsallaşdırılması, “Bir pəncərə” mexanizminin yaradılma
sı və s. kimi mövzular müzakirə edilib. Ötən bir il ərzində sadalanan istiqamətlər üzrə müəyyən layihələr gerçəkləşdirilib və belə təşəbbüslərin bundan sonra da həyata keçirilməsi nəzərdə tutulub.