https://azertag.az/xeber/__caspian_energy_club_ukin_sedri_resad_sekerov…
Bakı, 24 May, AZƏRTAC
“Caspian Energy Club UK”in sədri Rəşad Şəkərov mayın 30-31-də Niderlandın Rotterdam şəhərində keçiriləcək “Europe-Asia İntermodal Logistics Forum 2024: New Silk Way Shaping” konfransında spiker qismində çıxış edəcək.
Bu barədə “Caspian Energy Club UK”in sədri Rəşad Şəkərov bildirib.
Tədbirdə Avropa-Asiya ticarətinin kəsişməsində yerləşən imkanlara, cari tendensiyalara, gələcək istiqamətlərə dərindən nəzər salınacaq, Avropa intermodal logistika sektorunun mövcud vəziyyəti və gələcək trendləri, Trans-Avropa nəqliyyat şəbəkəsi, Avropa-Asiya dəhlizində inkişaf etməkdə olan bazarlar və yeni ticarət yolları, Avropa və Asiyaarası daşınmalarda vacib rol oynayan limanlar və digər önəmli mövzular müzakirə ediləcək. Tədbirdə Niderland, Almaniya, Danimarka, Ukrayna, Belçika, Çexiya, Qazaxıstan, Özbəkistan və digər bir çox ölkələrin nümayəndələri iştirak edəcəklər.
“Caspian Energy Club UK”in sədri və “AMEC Group” şirkətinin baş direktoru Rəşad Şəkərov qeyd olunan tədbirdə Azərbaycan tərəfindən məruzəçi kimi çıxış edərək, Azərbaycan-Avropa logistika körpüsü, Orta Dəhliz üzrə daşınmanın optimallaşdırılması, Azərbaycan üzərindən sürətli keçidin təşkili, dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın getdikcə genişlənməsi, Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəminin yüksək dəyərləndirilməsi, həmçinin bu dəhlizin Çindən Avropaya gedən ən qısa, strateji, sərfəli və təhlükəsiz istiqamət olması, region ölkələrinin koordinasiyalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm halqalarından birinə çevrilməsi barədə geniş məruzə təqdim edəcək.
“Caspian Energy Club UK”in sədri Rəşad Şəkərov çıxışında, o cümlədən Azərbaycan və Avropa xarici şirkətlərin sahibkarları arasında netvörkinqin genişləndirilməsi, ticari-iqtisadi əlaqələrin inkişafı, həmin şirkətlərin Azərbaycana cəlb edilməsi, Azərbaycan şirkətlərinin də onlara tanıtımı, investisiya yatırımı məsələlərinə də toxunacaq.
“Azərbaycan Transxəzər marşrutu üzrə ən önəmli qovşaqlardan biri kimi müstəsna rola malikdir”, – deyə “Caspian Energy Club UK”in sədri Rəşad Şəkərov qeyd edib və əlavə edib ki, Orta Dəhliz öz imkanları ilə dünya ticarətinin ən mühüm daşınma marşrutlarından birinə çevrilib.
Xatırladaq ki, Rəşad Şəkərov 2014-cü ildən bu günə kimi “Azerbaijan Maritime Engineering and Construction LLC”nin təsisçisi və baş direktorudur.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvörkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Orta Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.